Litva azərbaycanlı sahibkarlar üçün Avropa İttifaqına (Aİ) açılan qapı ola bilər.
Bunu Trend və “Azernews” qəzetinə müsahibəsində Litvanın xarici işlər nazirinin müavini Daryus Skusyaviçyus deyib.
O qeyd edib ki, Litva azad ticarət zonalarına, maşınqayırma, sənaye avadanlığı, elektronika, biotexnologiya, ekoloji təmiz texnologiya, İKT, elmi-tədqiqat, nəqliyyat və digər sahələrə investisiyalar üçün əlverişli şərtlər təqdim edir.
Nazir müavininin sözlərinə görə, Azərbaycanla Litva arasında əməkdaşlığın inkişafı üçün perspektivli sahələr informasiya texnologiyaları, nəqliyyat və logistika, elektron avadanlıq, səhiyyə və qida sənayesidir.
Nəqliyyat sayəsində əməkdaşlıq məsələlərini şərh edən nazir müavini bildirib ki, Litva yaxşı işləyən multimodal daşıma və logistika sistemi yaradıb və Şərq-Qərb, Şimal-Cənub kimi nəqliyyat dəhlizlərin vacib tranzit rolunu oynayır:
“Bununla da Litva Azərbaycana yüklərin Avropaya və Skandinaviya ölkələrinə təhlükəsiz, sürətli və ucuz daşınmasını təklif edə bilər”.